[b][b][b] Din nədir?
Lüğətdə din adət, hökm, cəza və taat kimi mənalara gəlir.
İslam alimləri dini belə tərif etmişdir:
"Din ağıllı olanları öz müstəqil iradələri ilə ən yaxşıya, ən doğruya və ən gözələ aparan ilahi bir qanundur."
Bu tərifdən aşağıdakı xüsusiyyətləri başa düşmək olar:
1. Dinin yaradıcısı Allahdır. İnsanların din yaratmaq səlahiyyəti yoxdur.
2. Din ağlı olanlara xitab edir. Ağlı olmayanlar dinin hökmləri ilə mükəlləf deyildir.
3. Dinlə əlaqədar hökmləri Allah-Taala vəhy yolu ilə Peyğəmbərlərə bildirir. Peyğəmbərlər də o hökmləri, yəni Allahın əmr və qadağan etdiklərini insanlara çatdırır.
4. Dinin məqsədi insanları dünyada da, axirətdə də xoşbəxt etməkdir. Din insanın niyə yaradıldığını və hansı vəzifələri olduğunu bildirir.
5. İnsanların ən doğru və ən yaxşıya çata bilməsi üçün, dini heç bir məcburiyyət olmadan öz azad irədələri ilə qəbul etmələri lazımdır. Çünki dində məcburiyyət olmaz. Qurani-Kərimdə belə buyurulmuşdur:
"Dində məcburiyyət (zorakılıq) yoxdur."1
Dinin əhəmiyyəti
İnsan və cəmiyyət dinə möhtacdır. Çünki dinin məqsədi insanı xoşbəxtliyə çatdırmaqdan ibarətdir. Dinin əmr və tövsiyələri insanın insan kimi yaşaması, ailəsinə, cəmiyyətinə, millətinə və hətta bütün bəşəriyyətə faydalı olması məqsədini güdür.
Din cəmiyyətləri ucaldan, onların inkişaf etməsini təmin edən əsasları ehtiva edən bir qurumdur.
Din eyni zamanda əxlaqi bir qurum kimi insanlara yol göstərir.
Dini hisslərin zəifləməsi əxlaqi və hüquqi cinayətkarlıqların çoxalmasına səbəb olur.
Bir sözlə, hansı cəhətdən baxılırsa baxılsın, din insan üçün bir ehtiyacdır. İnancsızlıq isə böyük bir fəlakətdir. Allah göstərməsin, inancı olmayan bir insan maddi dünyanın çətinlikləri qarşısında ruh düşkünlüyünə düşə bilər. Belə bir insan əbədi həyata, axirət dünyasına inanmadığı üçün, onun bütün məqsədi dünyanın müvəqqəti (fani) həzzlərini almaq olur. O, bunları əldə etmək üçün heç bir ölçü tanımır, bir gün dünyanın bu müvəqqəti həzzlərindən məhrum qalacağını və yox olub gedəcəyini fikirləşdikcə narahat olur və rahatlığı pozulur.
Bir insan üçün ən böyük fəlakət budur. Halbuki din ölümdən sonra daha xoşbəxt və əbədi bir həyatdan xəbər verir və ona çatmağın yollarını göstərərək insana hüzur və etimad verir.
Dinlərin təsnif olunması
Yuxarıda da ifadə edildiyi kimi, dinin yaradıcısı Allahdır. Allah tərəfindən peyğəmbərə vəhy edilən və o peyğəmbər tərəfindən də insanlara elan edilən din – vəhy edildiyi şəklini mühafizə etmək şərtiylə – "Haqq dindir".
Allah tərəfindən göndərilmiş, ancaq əsl şəklini qoruyub saxlaya bilməmiş olanlara isə "Muharref din" deyilir. Xristianlıq və Yəhudilik belə dinlərdəndir. Bunlar Allah tərəfindən göndərilmələrinə baxmayaraq, əsl şəkilləri pozulmuş olan dinlərdir.
Muasir dövrdə yer üzündəki haqq din xüsusiyyəti olan yeganə din İslam dinidir. Bu din Allah tərəfindən axırıncı Peyğəmbər olan Həzrəti Məhəmmədə göndərilmiş, onun tərəfindən insanlara təbliğ edilmiş və əsl şəkli dəyişməmiş olan bir dindir.
İslam dini ilk insan və ilk Peyğəmbər olan Adəm Əleyhüssəlamın təbliğ etdiyi "Tövhid dini" ilə birlikdə digər ilahi vəhyə əsaslanan dinlərin bir davamı, onların axırıncısı və ən mükəmməlidir. Qurani-Kərimdə olan inanc əsasları necə isə, ilk Peyğəmbərin təbliğ etdiyi inanc əsasları da elə idi. Qurani-Kərimdən əvvəl göndərilən Kitablarda da, öz əsl şəkilləri dəyişdirilməmişdən əvvəl, bu əsaslar olmuşdur.
İslam dininin xüsusiyyətləri
İslam dininin başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
İslam dini axırıncı dindir:
Həzrəti Məhəmməd axırıncı Peyğəmbər olduğu kimi, onun gətirdiyi İslamiyyət də Allahın göndərdiyi sonuncu dindir. Adəm Əleyhüssəlamla başlayan və Allahın təkliyinə əsaslanan "Tövhid dini" inkişaf edərək İslamiyyətlə öz zirvəsinə çatmışdır. Artıq bundan sonra heç bir yeni din göndərilməyəcəkdir.
Hər şeyin axırıncısı əvvəlkilərinə görə daha kamil və nöqsansız olur. İslam dini də özündən əvvəl göndərilmiş dinlərə nəzərən daha mükəmməldir.
Buna görə də Allah son din olan İslamın hökmləri ilə əlaqədar olaraq bütün insanların mükəlləfiyyət daşıdığını və ancaq bu dini qəbul etmələrindən razı qalacağını bildirmişdir. Qurani-Kərimdə belə buyurulmuşdur:
"Allahın yanında məqbul olan din, əlbəttə, İslamdır."2
"Kim İslamdan başqa bir dinin ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!"3
"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim."4
İslam ümumbəşəri bir dindir:
İslam dini axırıncı din olduğu kimi, bütün bəşəriyyətin də dinidir. Çünki Həzrəti Məhəmməd bir qəbilə və ya millətə deyil, bütün insanlara göndərilmiş bir peyğəmbərdir.
Necə ki, Qurani-Kərimdə də belə buyurulmuşdur:
"Ya Məhəmməd! De ki: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş Peyğəmbəriyəm."5
"Ya Məhəmməd! Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə) müjdə verən, kafirləri isə cəhənnəm əzabı ilə qorxudan bir Peyğəmbər kimi göndərdik. Lakin insanların əksəriyyəti bunu bilməz!"6
İslam dininin hökmləri qiyamətə qədər qüvvədədir. İslam dini son din olduğu üçün onun hökmlərini qüvvədən salan heç bir başqa din gəlməyəcəkdir.
İslam dininin əsasları
İslam dininin dəyişməyən əsasları vardır. Bunlar etiqad, əməl və əxlaqla əlaqədar hökmlər olmaq üzrə üç yerə bölünür.
a) Etiqadla əlaqədar olan əsaslar
Etiqad hər hansı bir şeyə könüldən inanmaq və bağlanmaq deməkdir. Qəlbdəki etiqada "əqidə" deyilir. Bunun cəm halı isə ərəb dilində "Akait"dir.
B) Əməllə əlaqədar olan əsaslar
İslamın əməllə əlaqədar olan əsasları onun əmr və qadağanlarıdır. Bunları yerinə yetirməkdən və yaxud da yerinə yetirməməkdən məsuliyyət daşıyırıq.
Bunlardan qulla Allah arasındakı münasibətlərlə əlaqədar olanlar ibadətlərdir.
Əməllə əlaqədar olan əsaslardan bir qismi də insanın özüylə başqaları arasındakı münasibətləri tənzim edən hökmlərdir. Bu hökmlərin əsasını isə ədalət təşkil edir.
c) Əxlaqla əlaqədar olan əsaslar
Əxlaqi hökmlər, əxlaqın gözəlləşməsi, qəlbin bütün pis hisslərdən və fikirlərdən təmizlənməsi və ruhun ucalması məqsədi daşıyan müddəalardır.
Dini hökmlərin mənbələri
Yuxarıda qısa bir şəkildə izah edilən dini hökmlər kitab, sünnət, icma və qiyas olmaq üzrə dörd dəlilə əsaslanır. Bütün hökmlər bu dörd mənbədən alınmışdır.
Kitab
Kitab Qurani-Kərimdir.
Quran Allah tərəfindən Cəbrayıl Əleyhüssəlam vasitəsilə ərəb dilində Peyğəmbərimizə göndərilən və bizə qədər rəvayət yolu ilə çatdırılan yazılı bir kəlamdır.
Quran islami hökmlərin birinci mənbəyidir.
Qurani-Kərim dinin bütün əsaslarını ehtiva edir. Onda digər səmavi kitabların qısa məzmununa da yer verilmişdir.
Sünnət
Sünnət Peyğəmbərimizin Quranın xaricindəki söylədiyi sözləri və hərəkətləri deməkdir.
Sünnət üç yerə bölünür: kavli (sözlə), feli (hərəkətlə), təqriri (uyğun görməklə).
Kavli sünnət Peyğəmbərimizin danışdığı sözlər deməkdir. "Hər yaxşı iş bir sədəqədir"7 sözü bunlardan biridir.
Feli sünnət Peyğəmbərimizin işi və hərəkətləri deməkdir. "Nəbi Səllallahu əleyhi və səlləm, namaz üçün təkbir aldığı zaman, əllərini qulaqlarının səviyyəsinə qədər qaldırardı,”8 hədisini buna misal göstərə bilərik.
Təqriri sünnət Peyğəmbərimizin başqalarının elədikləri işləri gördüyü və yaxud danışdıqları sözləri eşitdiyi vaxt səsini çıxarmayıb onları münasib görməsidir. Ənəs b. Malikin aşağıdakı rəvayəti buna misal göstərilə bilər:
"Biz günəş batdıqdan sonra axşam namazından əvvəl, iki rükət nafilə (artıqdan) namaz qılardıq. Peyğəmbərimiz bizi görərdi. Bunu nə əmr edər, nə də qadağan edərdi."9
Sünnət İslami hökmlərin ikinci mənbəyidir.
Sünnətin iki əhəmiyyətli funksiyası vardır. Birincisi Qurani-Kərimi izah etmək, ikincisi isə Qurana onda mövcud olmayan hər hansı bir hökmü gətirməkdir.
Sünnətin İslami hökmlərin ikinci qaynağı olduğu mövzusunda bir həmrəylik vardır. Dörd böyük rəşid xəlifədən dövrümüzə qədər heç bir müctəhidin bu mövzuda fərqli bir fikri olmamışdır.
Peyğəmbərimizi görmək kimi bir xoşbəxtliyə nail olan əshabi-kiramdan (Peyğəmbərimizi görən və söhbətlərini dinləyənlər) dövrümüzə qədər bütün İslam alimləri sünnətə sadiq olmuşdur. Çünki sünnətə riayət etməyi Qurani-Kərim əmr edir. Qurani-Kərimdə belə buyurulur:
"Peyğəmbərə itaət edən şəxs, Allaha itaət etmiş olur."10
"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin."11
Sünnəti diqqətə almadan Qurani-Kərimi tamamilə başa düşmək mümkün deyildir. Çünki dinin bütün hökmləri Qurani-Kərimdə yoxdur. Bir çox hökmün təfərrüatı və necə tətbiq ediləcəyini də Quran izah etmir.
Məsələn, namazın fərz olduğunu Qurani-Kərim bildirir, lakin namazın necə qılınacağını və neçə rükət olduğunu bildirmir. Bu detallar sünnətdən, Peyğəmbərimizin tətbiqindən öyrənilə bilər.
İcma (birlik, həmrəylik)
İcmanın lüğətdəki mənası bir işi görməyi qərara almaq, bir mövzuda həmrəy olmaq deməkdir.
Dindəki mənası isə, müctəhid alimlərin Peyğəmbərimizin vəfatından sonra hər hansı bir dövrdə dini bir hökm üzərində razılığa gəlmələridir.
Qiyas (müqayisə edərək hökm vermə)
Qiyas Kitab, Sünnət və ya İcmada hökmü olmayan hər hansı bir məsələ ilə əlaqədar olaraq ortaya çıxar. Yəni o, aralarındakı məqsəd birliyi səbəbi ilə, sözü gedən mənbələrdən birindəki mövzu haqqında hökm vermək deməkdir.
________________________________________
1 Əl-Bəqərə surəsi, 2/256.
2 Ali-İmran, 3/19.
3 Ali-İmran, 3/85.
4 Əl-Maidə, 5/3.
5 Əl-Araf, 7/158.
6 Səba, 34/28.
7 Buxari, Ədəb, 33; Müslüm Zəkat, 16.
8 Müslüm, Salat, 9.
9 Müslüm, Salat, 66.
10 Ən-Nisa, 4/79.
11 Əl-Haşr, 59/7.
__________________
Hər gün Aşura! Hər yer Kərbəla! [b][/b][/b][/b][/b]
Теги: Islam dini